1920-ci il aprelin 28-də Bakıda Azərbaycanda sovet haki­miy­yəti qurulmasının elan edilməsi ilə onun tarixində yeni, lakin fərq­li bir dövr başladı. Azərbaycanın dövlətçilik tarixi üçün milli zə­minə malik olmayan, əvvəlki dövlətlər ilə heç bir varislik əla­qəsinə əsaslanmayan dövlət yaradılmağa başlandı. Onun əsas fə­aliy­yət istiqamətlərindən biri də yeni hökumətin Azərbay­ca­nı­nın bölgələrinə yayılmasına nail olmaqdan ibarət idi. Naxçı­van bu siyasətdə mühüm yer tuturdu.

AK(b)P MK Siyasi Bürosu 1920-ci il iyulun 28-də Naxçı­vandakı vəziyyəti müzakirə edərək, Azərbaycan İnqilab Komi­təsinə tapşırdı ki, Naxçıvan məsələsini prinsipial şəkildə aydın­laş­dırsın, Ermənistan ilə Azərbaycan arasında sərhədləri müəy­yən­ləşdirsin və Naxçıvan diyarında sovet hakimiyyətinin qurul­masına kömək göstərsin. Elə həmin gün axşamüstü XI Qırmızı Ordunun hərbi hissələri Naxçıvan şə­hərinə daxil oldu. 1920-ci il iyulun 28-də Naxçıvanda da sovet ha­ki­miyyətinin qurulması rəs­mən elan edildi. Naxçıvan Sosialist So­vet Respubli­kası­nın elan edilməsi ilə eyni zamanda, res­pub­likanın ali hakimiyyət or­qa­nı - Naxçıvan İnqilab Komitəsi yaradıldı. Nax­çıvanın ayrıca so­vet sosialist respublikası elan edilməsinə bax­mayaraq, o özü­nü Azərbaycanın tərkib hissəsi hesab edirdi. Av­qustun 10-da Naxçı­van İnqilab Komitəsinin Azərbaycan SSR XKS-in sədri N.Nəri­ma­nova göndərdiyi məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azər­bay­­can Sovet Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi he­sab etmişdir”.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasında həlledici rola ma­lik olan Sovet Rusiyası yenə ikili siyasət yeridir, erməni daşnak qüv­­vələri ilə eyni zamanda həm müharibə, həm də danışıqlar apa­rı­lırdı. Sovet Rusiyasının təşəbbüsü ilə 1920-ci il av­qustun 10-da daş­nak Ermənistanı ilə barışıq sazişi imzalan­dı. Sazişə görə tərəflər hər­bi əməliyyatları dayandır­malı, ermə­ni qoşunları Şahtaxtı-Xok-Çal­xanqala-Sultanlı, daha sonra Kükü­dən şimala və Bazarçaydan qərbə uza­nan demarkasi­ya xəttində da­yanmalı, sovet qoşunları isə Qarabağ, Zəngəzur və Naxçıvanı tutmalı idilər. Gümrü-Şahtaxtı-Cul­fa dəmir­yo­lun­dan ermənilər qey­ri-hərbi məqsədlər üçün istifadə edə bilərdilər. Beləliklə, Azər­baycanın iştirakı olmadan onun tor­paq­larının məsələsi mü­za­kirə olunur, Ermənistanla danışıqlarda Sovet Rusiyası onun adın­­dan çıxış edirdi. Bu danışıqlarda Azər­baycanın mübahisəsiz tor­­paq­larının Ermənistana verilməsi məsələsi mü­zakirə olunurdu. Bunu bilən Nəriman Nərimanov Leninə gön­dərdiyi mək­tubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gür­cüstanın və Ermənistanın müs­tə­qilliyini, Azərbaycanın istiqla­liy­yə­ti­ni tanı­mış, lakin eyni zamanda, hə­min mərkəz Azər­baycanın ta­ma­milə mü­bahisəsiz ərazilərini Er­mə­nistana verir...”.

 

İ.Stalin 1920-ci ilin noyabrın 9-da Bakıdakı çıxışında demişdir: “Əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bil­mək istə­yir­lərsə, onları Ermənistanın indiki hökumətinə ver­mək olmaz, orada so­vet hökuməti yaranarsa vermək olar”.

İ.Stalinin bu fikri özünü çox gözlətmədi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan dərhal sonra Azər­bay­can torpaqlarının Ermənistana verilməsi istiqamətində kon­kret ad­dımlar atılmağa başlandı.

Ermənistanın bolşeviklərin nəzarəti altına keçməsi ilə əlaqədar Azər­baycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. HİK- in sədri N.Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diqtəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Bəyanatda deyilirdi: “...Bundan sonra heç bir ərazi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Nax­çıvan qəzaları Sovet Ermənistanının ay­rıl­maz hissəsidir. Dağ­lıq Qarabağın zəhmətkeş kəndlilərinə isə öz mü­qəd­dəratını təyin etmək hüququ verilir”.

S. Orconikidze dekabrın 2-də Azərbaycan torpaqlarının Er­mə­nistana verilməsi barədə Rusiya rəhbərliyinə məlumat verir və həmin gün RSFSR ilə Sovet Ermənistanı arasında bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tari­xi akt“ adlan­dı­rır­dı.

Beləliklə, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet haki­miy­­yəti qurulduqdan dərhal sonra Azərbaycan torpaqlarınm Ermə­nistana verilməsi istiqamətində konkret addımlar atılmağa baş­landı.

1920-ci ilin dekabrın 2-də RSFSR ilə Sovet Ermənistanı arasında səkkiz maddədən ibarət Gümrü müqaviləsi imzalandı. Həmin müqa­vilənin üçüncü maddəsində göstərilirdi ki, Rusiya Sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi sahib olduğu aşağıdakı ərazilərini - İrəvan quberniyasının, Qars vi­la­yəti hissəsinin, Zəngəzur qəza­sının, Qazax qəzası hissəsinin, Tif­lis quberniyası hissəsinin “So­vet Erməni Respublikasının” tərkibinə daxil olduğunu müba­hisəs­iz təsdiq edir.

Naxçıvan əhalisi Azərbaycan Hərbi İnqilab Komitəsinin 1 de­kabr 1920-ci il bəyanatına və sonrakı qərarlara kəskin etirazını bildirdi. Və­ziyyətin gərginləşdiyini görən Azərbaycan rəhbərliyi Hər­bi İnqilab Ko­mitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şah­taxtinskini de­kabrın 15-də Naxçıvana göndərdi. B.Şahtaxtin­ski Nax­çıvan şə­hərində, Şərur və Ordubadda əhali ilə keçirdiyi gö­rüş­lərdə 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə əlaqədar əsl həqi­qəti əha­liyə söyləməli oldu: “Azərbaycan sizi torpağınızla birlikdə Ermə­nistana satıb, əgər mən Bakıda olsaydım, bu­na qəti surətdə razılıq verməzdim. Mən Azərbaycan İnqilab Komitə­si­nin üzvü kimi B.Vəlibəyovu vəzifəsindən azad edib, özümlə Bakıya apa­­racağam. Sizin torpağınızla birlikdə öz müstəqilliyinizi saxla­maq üçün yeganə qüvvə Türkiyə qoşunlarıdır.

Xalq bu qoşunların ətra­fında sıx birləşməlidir. Sizin müstə­qil­li­yi­ni­zi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fə­la­kətdən xi­las edəcəklər”.

B.Şahtaxtinskinin əhali ilə görüşləri və söhbətləri öz nəticə­si­ni ver­di. Diyarın əhalisi Azərbaycanın himayəsi altında ol­maq­la Nax­çı­vanda müstəqil sovet respublikası yaradılmasını tələb edir­lər. Nax­çı­van əhalisinin qətiyyətli mövqeyi mərkəzin öz mü­na­sibətini müəyyən qə­dər də olsa dəyişməsinə səbəb oldu. Türki­yənin yardımına güvənən Nax­çı­vanın azərbaycanlı əha­lisinin qətiyyətli və inadlı mübarizəsi ermənilərin Naxçıvan barəsindəki plan­larını pozdu.

Məkrli niyyətlərini hələlik pərdələyən ermə­nilər və Ermə­nistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Nax­çıvanı müs­təqil sovet respublikası kimi tanımış və bu ərazi ilə əlaqədar id­dialarından imtina etmişdir. Əslində Ermənistanın Nax­çıvanı Azərbaycanın bir hissəsi kimi deyil, müstəqil res­pub­lika kimi ta­nı­ması onun düşünülmüş, məkrli planlarının tərkib hiss­əsi idi. Nax­çıvanı müstəqil qurum kimi tanımaqla Ermənistan gələcəkdə onu ilhaq etmək niyyəti güdürdü.

Azərbaycan bolşevik rəhbərliyi Naxçıvan vilayətində təsirli təd­birlər görmək, əhalinin narazılığını sakitləşdirmək üçün B.Şah­taxtin­skini 1921-ci il yanvarın 11-də Hərbi İnqilab Komitəsinin mandatı ilə fövqəladə komissar kimi Naxçıvana göndərdi.

Naxçıvanın ərazisini Azərbaycandan ayıran Zəngəzur ma­ha­lının Ermənistana verilməsi ilə Azərbaycanın ərazi bütöv­lüyünə ciddi zərbə vuruldu. Belə bir şəraitdə Naxçıvanın ərazi statu­suna dair yeni baxışın meydan gəlməsi zəruri oldu. Bu və­ziy­yət mux­tariyyət məsələsini zəruri edirdi. Ümummilli lider Heydər Əli­yevin qeyd etdiyi kimi: “Əgər Zən­gə­zur mahalının Ermə­nis­ta­na verilməsi olmasaydı, bəlkə də Nax­çı­va­nın muxtariy­yəti də la­zım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Naxçıvan diyarının əhalisi də Azərbaycan Sovet Sosialist Res­pub­­likasının tərkibində muxtariyyət tələb edirdi. 1921-ci ilin yan­va­rın­da Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin tə­şəb­büsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90%-dən çoxu Nax­çıvan diyarının muxtariyyət statusunda Azər­baycan SSR-in tərkibində qal­masına səs verdi. Bu rəy sor­ğu­sunun nəticəsi Naxçıvanın Azər­baycanın tərkibində saxla­nıl­ma­sında mühüm rol oynadı.

Naxçıvan məsələsində N.Nərimanovun əvvəlki mövqeyin­dən fər­qli olaraq sonradan prinsipial mövqe tutması, onun adın­dan B.Şah­taxtinskinin Moskvada apardığı danışıqlar Moskvanın Nax­çıvan mə­sə­ləsinə münasibətinin dəyişməsinə və nəticə etibarı ilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu veril­məsinə təsir etdi. Ümu­miyyətlə, Naxçıvan Diyar İnqilab Komi­təsi­nin və Xalq Komis­sarları Sovetinin sədri, Azərbaycanın Əd­liy­yə komissarı, Rusiyada Azərbaycan SSR-in səlahiyyətli nü­ma­yən­dəsi, Azərbaycan SSR-in Fəhlə-Kəndli Müfəttişi, Azər­bay­­can Xalq Komissarları Sovetinin sədr müavini kimi çox mə­sul vəzi­fələrin öhdəsindən layiqincə gələn Beh­bud ağa Şahtaxtin­skinin Naxçıvanın muxtariyyət statusu qazan­ma­sında çox böyük xid­mə­ti olmuşdur. O, fəaliyyəti dövründə Azər­baycan SSR-in müx­təlif problemləri ilə bağlı RSFSR XKS-in sədri V.Leninə tele­qramlar vurmuş, məktublar yazmış, bu məktublara bir sıra ara­yışlar da əlavə etmişdir. Onun V.Leninə göndərdiyi məktub və ara­yışlar içərisində 1921-ci il martın 1-də göndərdiyi teleqram və ona daxil etdiyi əlavələrin xüsusi əhəmiyyəti vardır. B.Şah­taxtin­skinin V.Leninə ünvanladığı teleqramda Nax­çıvan, Zən­gəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan nara­hat­lığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair ara­yışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xü­­susilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər irəli sür­müşdü. Martın 7-də V.Leninin dərkənarı ilə müzakirə üçün Siyasi Büroya göndərilən həmin məktuba martın 16-da Stalinin, Çiçerinin və b. iştirakı ilə baxılmışdı.

Naxçıvanın Azərbaycan SSR-in himayəsi altında olan muxtar əra­zi statusu 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında im­zalanmış “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində də öz əksini tapdı. Türkiyə tərəfi istər Moskva da­nı­şıqları ərəfəsində, is­tərsə də onun gedişində Naxçıvan məsələ­sinə böyük əhəmiyyət ve­rir­di.

Bu, bəzi daha önəmli strateji və ge­o­siyasi amillərlə yanaşı, həm də Naxçıvanın Türki­yə-Azər­bay­can əlaqələrində ən yaxın məsafə və hələlik yeganə nöq­tə ol­ması, bölgənin Moskva-Ankara diplomatik münasibət­lərində baş­lıca vasitəçi rolu oynaması ilə əlaqədar idi. Həm­çi­nin 4 iyun 1918-ci il tarixli Batum mü­qa­viləsinə görə Naxçıvan Tür­kiyənin hima­yəsinə keçdiyindən türklər bu bölgəyə öz əraziləri ki­mi baxır­dılar. Türk heyətinin rəhbəri Y.Kamal bəy Rusiyaya yola düşmək ərəfəsində, dekabrın 13-də Mustafa Kamal paşa ilə gö­rü­şərkən “Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə ya­palım?” deyə soruşduqda o, “Naxçıvan türk qapısıdır. Bunu xüsu­si nəzərə alaraq əlinizdən gələni yapınız”,- cavabını vermişdi.

Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər kon­fran­sın 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olundu. Türk heyəti Naxçıvanın Türkiyənin himayəsində qal­masını istəyirdi. Lakin Rusiya tərəfi bunu qətiyyətlə rədd edir­di. Naxçıvan məsələsi ilə bağlı Çiçerinlə aparılan müza­kirələrin dü­yünə düşməsi türk heyətini ye­nidən İ.Stalinlə görüşməyə sövq etdi. İ.Stalin türk heyəti ilə Nax­çıvan mə­sələsini müzakirə etdi. Azər­baycan nümayəndəsi B.Şah­tax­tinski də bu müzakirələrdə iştirak edirdi. İ.Stalin Naxçıvan məsə­ləsi ilə bağlı B.Şahtaxtin­skinin fikrini soruşduqda, o bildirdi ki, “Nax­çı­va­nın Ru­si­ya­nın himayəsində müstəqil bir dövlət olaraq qalması” məq­bul­dur.

1921-ci il martın 10-da keçirilən iclasda Türkiyə nümayən­dələri belə bir mövqedən çıxış edirdilər ki, Naxçıvan bölgəsi əha­lisi­nin türk qoşunlarını dəvət və qəbul etməsi faktı onun Türki­yənin himayəsi al­tında olduğunu göstərir. Qeyd edək ki, Gümrü (Aleksan­dropol) mü­qa­viləsində də Naxçıvanın Türkiyənin hima­yəsi altında olduğu təsbit edilmişdi. Naxçıvanın Türki­yənin hi­ma­yəsində qal­ma­sı ilə bağlı təklif qəbul olunma­dıqda, türk heyəti təklif etdi ki, Nax­çıvan Türkiyə ilə Azərbaycanın müştərək hi­mayəsi altında müs­təqil bir dövlət olsun. Lakin Rusiya tərəfi bu tək­lifi də qəbul etmədi. Belə olan təqdirdə türk heyəti bildirdi ki, Türkiyə bölgə üzərindəki bu himayəni Azərbaycanın üçüncü bir dövlətə güzəştə getmə­yə­cə­yinə dair öhdəlik götürdüyü təqdirdə ona verməyə razıdır.

Nəticədə, Rusiya tərəfinin “Naxçıvan vilayətinin Azər­baycanla dai­mi əlaqədə olması və onun himayəsi altında mux­tariy­yətdən isti­fadə etməsi” formulu Türkiyənin “Azərbaycanın bu protektoratı hər han­sı bir üçüncü dövlətə güzəştə getməməsi” şərti ilə tamamlandı. Nax­çıvan mahalının sərhədlərinin müəyyən­ləş­dirilməsi hərbi eks­pertlərə tapşırıldı.

Konfransın martın 12-də keçirilən iclasında əsasən Naxçı­van dai­rə­si və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafın­da mü­ba­hisələr getdi. Rusiya tərəfi bildirdi ki, ekspertlərin müəy­yən­ləş­dir­diyi sərhəd xətti Azərbaycanın maksimum tələb­lərini də ötüb keçir, çün­ki o, heç vaxt İrəvan qəzasının hər hansı bir hissəsinə himayəçiliyə id­dia etməmişdir. Rusiya tərəfi­nin fik­rincə, Sovet respublikaları ara­sın­da sıx əlaqələr olduğun­dan bu mə­sələ birinci dərəcəli əhəmiyyət kəsb etməsə də, Şərur-Də­rələyəz dairəsinin sərhədini etnik prinsipə mü­vafiq çəkmək lazım gəlir. Türkiyə tərəfi isə haqlı olaraq məsələnin bu cür qo­yu­lu­şuna kəskin etiraz etdi və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı dəlilləri gətirdi: a) Məhz bu yerlərdə məlum qanlı ha­disələr baş vermiş və türk qoşunlarının bölgəyə gəlməsinə ehtiyac ya­ran­­mışdır; b) Bütün bu dairə müsəlmanlarla məskunlaşmışdır və s. Bütün bunlara görə həmin ərazi üzərində də himayə hüququ Azər­baycana verilməlidir.

Nəhayət, sonda Türkiyənin təklifi ilə Şərur-Dərələyəz dairə­sinin Naxçıvana keçməsi və İrəvan dairəsinin mübahisəli his­sələrində sər­hədin Kömürlü dağ (6930) və Saray Bulaq (8071) dağ­larından, Ararat stansiyasından başlaması barədə razılığa gə­lin­di və bütün bu mə­sələlərin Azərbaycan, Ermənistan və Türki­yə nümayəndələrindən iba­rət qarışıq komissiyanın razılaşdırıl­ma­sı­na verilməsi qərara alındı.

Konfransın 1921-ci il martın 14-də keçirilən iclasında Nax­çı­va­nın statusu tam olaraq müəyyənləşdirildi. Beləliklə, danı­şıqlarda ya­ranmış gərginliklərə baxmayaraq, türk diploma­tiyası göstərdiyi ciddi səylər sayəsində Moskva konfransında Azərbay­canın ərazi bütöv­lü­yünün qismən də olsa, qorunmasına nail ola bildi, Naxçıvanın heç bir döv­lətə güzəştə gedilməməsi şərtilə Azərbaycanın tərkibində sax­la­nıl­ması razılaşdırıldı.

Müqavilənin 3-cü maddəsində deyilirdi ki, “Naxçıvan vila­yəti bu mü­qavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azər­baycanın hi­ma­yəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü döv­lətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təş­kil edir”. “Nax­çı­vanın ərazisi” adlı I (B) əlavəsində böl­gə­nin sər­hədləri aşağıdakı kimi mü­əyyənləşdirilirdi: “Ararat stan­siyası - Saray Bulaq dağı – Kö­mürlüdağ - Sayatdağı (7868) – Qurd­­qulaq kən­di - Həməsür dağı (8060) - 8022 yüksəkliyi - Kükü dağı (8282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”. Bu­nunla da Naxçıvanın ərazi mənsubiyyəti mə­sə­ləsinə bir aydın­lıq gətirildi.

1921-ci il oktyabrın 13-də RSFSR-in nümayəndəsinin işti­rakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Tür­­kiyə ara­sında imzalanan Qars müqa­viləsinə əsasən, Naxçı­va­nın ərazisi, sər­hədləri daha da dəqiqləşdirildi. Qars müqavilə­si­nin be­şinci maddəsi Nax­çıvanın ərazi mənsubiyyəti məsələsini qə­ti ola­raq həll etdi. Bu­ra­da deyilirdi: “Türkiyə hökuməti ilə Ermə­nistan və Azərbaycan Sovet hökumətləri Naxçıvan vilayətinin bu müqavilənin 3 nömrəli əla­və­sində müəyyən edilmiş sərhədlər daxilində Azərbaycanın hi­ma­yə­si al­tın­da muxtar bir ərazi olduğu məsələsində müt­təfiqdirlər”.

Müqavilə maddəsindən də göründüyü kimi, burada Moskva mü­qa­viləsinin üçüncü maddəsinin müəyyən bir hissəsi, yəni, “Azər­bay­canın bu himayəçilik haqqını üçüncü bir dövlətə heç bir zaman gü­zəştə gedə bilməməsi” öz əksini tapmamışdı. “Naxçı­vanın ərazisi” adlı 3 nömrəli əlavədə bölgənin sərhədləri aşağı­dakı kimi müəy­yən­ləşdirildi: “Urmiya kəndi, oradan düz xətlə Araz­dəyən stansiyasına (bu stansiyanı Ermənistan SSR-də saxla­maqla), sonra düz xətlə qərbi Daş-Burun dağına (3142) və daha sonra suayrıcı xətlə şərqi Daş-Bu­run dağı (4108) və Cəhən­nəmdərəsi çayından keçməklə “Bu­laq”dan cə­nuba, Bağır­saq dağı (6607), (6587 suayrıcı xətti ilə və buradan keç­miş İrəvan, Şərur-Də­rələyəz qəzalarının inzibati sərhədi ilə 6625 yük­səkliyindən ke­çə­rək Kömürlü dağına (6839), (6930) və daha sonra 3080 - Sayatdağ (7868) yüksəklikləri ilə Qurdqulaq kəndi, Həməsür dağı (8160), 8022 yüksəkliyi, Kükü dağı (10282) və keçmiş Nax­çı­van qəzasının şərq inzibati sərhədi”.

Qars müqaviləsinin mühüm əhəmiyyətindən biri Naxçı­vanın statusu məsələsində razılığa gələn tərəflərin müəyyən edil­məsidir. Bun­lar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Qars mü­qaviləsi ilə Ermənistan da Naxçıvanın Azərbaycan ərazisi oldu­ğu­nu rəsmən təsdiq etdi. Müqavilənin ən əhəmiyyətli cəhətlərindən biri də onun müddətsiz imzalanması idi.

Bununla belə, Moskva müqaviləsindən fərqli olaraq Naxçı­vanın statusu və tabeçiliyinə aid Azərbaycanın himayəçilik hüqu­qu haq­qın­da müddəa Qars müqaviləsində əks olunmamışdır.

Ümum­milli lider Heydər Əliyev beynəlxalq Qars mü­qa­vi­lə­sinin tarix­dəki yerini və rolunu yüksək qiymətlən­dirə­rək de­miş­dir: “Naxçı­van Azərbaycanın əsas torpağından ayrı düş­­düyünə gö­rə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, döv­lətçiliyini, mux­tariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bi­­zim üçün çox böyük, əvəzi olmayan sənəddir...”

Naxçıvanın tarixi müqəddəratında, onun Azərbaycanın tər­ki­­bin­də saxlanılmasında bir sıra amillərlə yanaşı, Moskva və Qars bey­nəl­xalq müqavilələrinin də rolu böyükdür. Hər iki bey­nəl­xalq müqavilə müddətsiz imzalanmış və bu gün də qüvvə­də­dir. Həmin müqavilələr onu imzalayan dövlətlər tərəfındən bir­tə­rəfli qaydada ləğv edilə bilməz.

Naxçıvan ətrafında beynəlxalq danışıqlar və onun nəticələri böl­gədə cərəyan edən ictimai-siyasi proseslərə də ciddi təsir edir­di. Nax­çıvan diyarında keçirilən rəy sorğusu (1921) onun Azər­baycan SSR tər­kibində qalmasını və muxtariy­yətləş­di­ril­mə­sini təsdiq etdi. Be­lə­lik­lə, Azərbaycan SSR tərkibində Naxçı­vanın muxatariy­yətləş­diril­məsinin həyata keçirilməsi üçün hər cür hüquqi zəmin meydana gəldi. Əsas məsələ bu ideyanın real­laş­dırıl­masından ibarət oldu. Məhz bu istiqamətdə ciddi çətin­liklər ya­­ranmağa başladı və Naxçıvanın Azər­baycan SSR tərki­bində mux­­tar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi.

          Azər­baycan SSR-in partiya, sovet və təsərrüfat orqanları Nax­çı­­van Res­­publikasında dövlət və təsərrüfat quruculuğu məsə­lələri ilə bi­la­va­sitə məşğul olur və əhaliyə yeni həyat qurucu­lu­ğun­da hərtərəfli kö­mək­lik göstərirdi. Naxçıvanda vəziyyəti öy­rən­mək üçün 1921-ci il ap­relin 13-də AK(b)P MK-nın Siyasi və Təşkilat Bürosu Naxçıvana komissiya göndərməyi qərara aldı. Həmin ilin payızında RK(b)P MK-nın Qafqaz bürosunun qərarı ilə diyarın kənd təsərrüfatının bər­pası üçün Naxçıvana 20 min manat qızıl pul, 10 vaqon taxıl ay­rıldı. Eyni zamanda, Azər­bay­can SSR XKS-in sədri N.Nəriman­ovun sərən­camı ilə Naxçı­vanda təsərrüfat və mədəni quru­culuq üçün 5,5 milyard manat pul ayrıldı. 1921-ci ilin sonunda Naxçıvan Respublikasında sovetlərə seçki­lər keçirildi. 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in I Sovetlər qu­rul­tayı çağırıldı. Qurultay diyarda sovet, təsərrüfat və mədəni quru­cu­luğa dair mühüm qərarlar qəbul etdi. Naxçıvan İnqilab Komitəsi ləğv olundu, Naxçıvan İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komis­sarları Soveti yaradıldı.

Naxçıvan SSR Sovetlər qurultayı ölkədə ali dövlət hakimiy­yəti orqanı idi. Qurultaylar arasında isə bu vəzifəni Naxçıvan MİK yerinə yetirirdi. Naxçıvan SSR MİK-i Xalq Komissarları So­ve­tini forma­laş­dırırdı. Xalq Komissarları Soveti həm MİK, həm də Sovetlər qurultayı qarşısında məsul idi.

1922-ci il mayın 22-də AK(b)P MK-nın Rəyasət Heyəti Nax­çıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konsti­tusi­yasının Azərbaycan MİK tərəfindən təqdim olunmuş layi­hə­lərini mü­zakirə etdi. Naxçıvan diyarı haqqında Əsas­namədə deyilirdi: “Nax­çı­van diyarı Azərbaycan SSR-in qəy­yum­luğu altında muxtar respublika elan edilərək, Naxçıvan Sovet So­sialist Respublikası adlandırılsın”. Əsasnamədə göstərilirdi ki, Naxçıvan diyarının dövlət hakimiyyəti Azərbaycan SSR Kons­titusiyasına uyğun olaraq təşkil edilir.

Naxçıvan SSR Konstitusiyasının layihəsində deyilirdi: “Nax­çıvan SSR, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olma­yaraq vətəndaşların bərabər hüquqlara malik olmalarını təsdiq edərək, bu zəmində hər hansı imtiyazların və ya üstün­lük­lərin müəyyən olun­masının, yaxud bunlara yol veril­məsinin, elə­cə də milli azlıqlara qarşı hər cür zülmün və ya on­ların hüquq bə­ra­­bərliyinin məhdud­laşdırıl­ma­sının respubli­ka­nın əsas qanununa zidd olduğunu elan edir”.

Naxçıvan diyarı haqqında Əsasnamə və Naxçıvan SSR Kons­ti­tusiyasının layihələri AK(b)P MK-nın Rəyasət Heyətində müzakirə edildi. Layihələrin son variantı, xüsusilə, Naxçıvan di­ya­rının mux­ta­riy­yəti haqqında məsələ RK(b)P MK-nın müza­ki­rə­­sinə verildi. 1922-ci ilin noyabrında V.İ.Leninin sədrliyi ilə RK(b)P MK Siyasi Bürosu Naxçıvan Muxtar Respublikasının yaradılmasının zəruriliyi haqqında qərar qəbul etdi. 1922-ci ilin de­kabrın 12-də Zaqafqaziya Sovetlərinin birinci qurultayı Azər­baycan SSR tərkibində Naxçıvanla bağlı qərar çıxardı: “Nax­çı­van Respublikası Azərbaycanın muxtar vahid hüqu­qunda ayrıl­maz tərkib hissəsi hesab edilsin”.

1922-ci ilin dekabrında Azərbaycan SSR, Gürcüstan SSR və Ermə­nistan SSR ZSFSR-də birləşdi. Dekabrın 30-da hər üç respublika ZSFSR tərkibində SSRİ-yə daxil oldu. Bununla Azərbaycan SSR-in suveren hüquqları məhdudlaşdırıldı. Buna bax­mayaraq, Naxçıvanın Azərbaycan SSR tərkibində mux­tariy­yətinin təsbit edilməsi ləng də olsa həyata keçirilirdi.

RK(b)P Cənubi Qafqaz Ölkə Komitəsinin Rəyasət Heyəti Cənubi Qafqaz Sovetləri birinci qurultayının 1923-cü il 18 yanvar tarixli qərarı əsasında “Naxçıvanı Muxtar Respublikaya çe­virməyi, Naxçıvan Xalq Komissarları Sovetini və Naxçıvan MİK-i Naxçıvan Diyarının İcraiyyə Komitəsinə çevirməyi” təklif etdi.

AK(b)P Mərkəzi Komitəsi iki gün sonra həmin qərarı müzakirə edərək Naxçıvan MİK və XKS-nin ləğv olunması və Naxçıvan Diyar İcraiyyə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Yanvarın 22-də AK(b)P MK-nin Rəyasət Heyəti bu məsələ ilə əlaqədar Diyar partiya konfransı çağırmağı və məsə­ləni Naxçıvan Diyarı sovetlər qurul­tayında müzakirə edib bəyan­namə hazırlamağı tapşırdı. Naxçı­van Diyar Partiya Təşkilatının 1923-cü il fevralın 23-də keçirilən üçüncü qurultayı Azərbaycan SSR-in tərkibinə daxil olmasını böl­gənin iqtisadi, siyasi və mədəni inkişafı üçün mühüm zərurət kimi qiy­mətləndirdi və belə bir qətnamə qəbul etdi: “Naxçıvan Sovet So­sialist Respublikası Azərbaycan SSR-in ayrılmaz hissəsi kimi ta­nınsın...”.

1923-cü il fevralın 27-də üçüncü Ümumnaxçıvan Sovetlər qurul­tayı Naxçıvan SSR-in muxtariyyət hüquqları əsasında Azər­baycan SSR tərkibinə daxil edilməsi məsələsini geniş mü­zakirə etdi və bəya­natla bölgənin ayrılmaz hissəsi kimi Azərbaycana daxil olmasını vacib saydı. Qurultayın qərarında deyilirdi ki, Nax­çıvan SSR Azərbaycan SSR-in ayrılmaz hissəsi kimi tanın­sın; bütün Naxçıvan diyarı özünün aparatları ilə muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil olsun. Qurul­tayın başqa bir qərarı ilə qəzalar ləğv edildi, Nax­çıvan Muxtar Di­yarının bütün ərazisi isə 6 sahəyə bölündü: Tumbul, Cəhri, Əbrə­qunus, Şahtaxtı, Noraşen və Ordubad. Azərbaycan MİK-in 1923-cü il iyulun 16-da keçirilən üçüncü sessiyası Naxçıvan diyarının Azərbaycan SSR-in muxtar ərazisi kimi onun tərkibinə daxil olması haqqında Naxçıvan Sovetlər qurultayının vəsatətini təsdiq etdi.

          Naxçıvan SSR-in muxtar diyar kimi təşkil olunması Azər­baycan MİK-in Naxçıvan Muxtar Diyarı haqqında Əsas­namə ilə həyata keçirilirdi. Bununla Naxçıvanın əvvəlki siyasi hüquqları məh­dudlaş­dırıl­dı. Respublikadan təcrid olunmuş şəraitdə yaşa­yan Naxçıvan üçün bu­nu qənaətbəxş hesab etmək olmazdı. Lakin mux­tar diyar dövrü uzun sürmədi. 1923-cü il dekabrın 11-də AK(b)P MK-nın Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Mux­tar Respublikasına çevril­məsi məsələsini müzakirə edərək Azərbaycan MİK-ə təklif etdi ki, Nax­çıvan Muxtar Respublika­sı­nın yaradılması barədə məsələni Cənubi Qafqaz MİK qarşısında qal­dırsın.

         Azərbaycan SSR MİK 1923-cü il dekabrın 31-də Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çev­ril­məsi haqqında qəti qərar qəbul etdi və Cənubi Qafqaz MİK-dən bu qərarın təsdiq olunmasını xahiş etdi. Cənubi Qafqaz MİK-in 1924-cü il yanvarın 8-də keçirilən birinci plenumu Naxçıvan Muxtar Diyarının muxtar respublikaya çevrilməsi haqqında qərar qəbul etdi. Buna uyğun olaraq Naxçıvan MİK-in birinci ple­nu­mu 1924-cü il yanvarın 18-də muxtar diyarın Naxçıvan MSSR-ə çevrilməsi məsələsini müzakirə etdi. Naxçıvan MSSR MİK, XKS və əkinçilik, daxili işlər, ədliyyə, maarif, səhiyyə na­zir­lik­lə­ri yaradıldı, inzibati cəhətdən o, Şərur, Ordubad və Nax­çı­van qə­za­larına bölündü.

AK(b)P MK Rəyasət Heyətinin 1924-cü il 4 fevral tarixli qərarı ilə Naxçıvan Respublikası haqqında Əsasnamə hazırlan­ma­ğa başlandı. Azərbaycan MİK-in 1924-cü il 9 fevral tarixli dek­reti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsbit olundu.

Naxçıvanın muxtariyyəti sovet milli dövlət quruculuğunda özü­nəməxsus yer tuturdu. Cənubi sovet respublikaları içərisində Azər­bay­canla eyni zamanda, muxtar qurumlara malik olan Gür­cüstan SSR ilə müqayisə aparılsa, bu qurumlar (Abxaziya və Acarıstan MSSR-lər) ti­tul xalqdan fərqli etnosları-abxaz və acar­ları əhatə edirdi. Naxçıvan isə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsi olub, onun əhalisi ilə eyni idi. Bu məsələ də Nax­çıvan muxtariyyətinin xüsusiy­yət­lərin­dən idi. Beləliklə, Naxçı­va­nın muxtariyyət­ləşdirilməsi prosesi başa çat­dı. Təbii ki, bundan sonra Naxçıvanın muxtariyyət statusunun hü­quqi bazasının dina­mi­kası və onun həyata keçirilməsi, bu prob­lem­lərin Azərbaycan döv­lət­çiliyində yeri və rolunun müəyyən edilməsi ən önəmli məsələ oldu.

    İsmayıl Hacıyev,

                                                AMEA Naxçıvan Bölməsinin sədri,

                                                akademik