Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. 

 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və şərəfli inkişaf yolu keçmişdir.

XX əsrin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan diyarı üçün çətin inkişaf dövrü olmuşdu. Çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlilik yaranmış, bir sıra kapitalist dövlətləri mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhdlər ­etmişlər.
Milli burjuaziyanın və demo­­­­­­k­ratik ziyalıların təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılmışdı. Bu şura yalnız Naxçıvanda deyil, eləcə də Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları ermənilərin silahlı quldur basqınlarından qoruyurdu. 
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanı müstəqil dövlət elan etməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratmışdı. Naxçıvan diyarının qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən müəyyən işlər görülmüş, erməni daşnaklarının torpaq iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində cəhdləri dəf olunmuşdu. 

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və çətin vəziyyətə düşən Naxçıvan diyarının Azərbaycanın tarixi torpaqları olduğunu elan etməyə imkan tapa bilməmişdi. Bundan istifadə edən Ermənistan Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətini daha da genişləndirdi. Erməni silahlı quldur dəstələri bölgədə dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdı.
Ermənistanın Naxçıvan diyarına olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını almaq üçün əhaliyə kömək göstərdi. İyulun 17-də Naxçıvan Müsəlman Milli Şurası Bələdiyyə idarəsi ilə əvəz edildi. Türkiyənin Naxçıvana gəlmiş XI Qafqaz Ordusu yerli özünü­müdafiə qüvvələri ilə erməni daşnaklarına sarsıdıcı zərbə vurdu. Birinci Dünya müharibəsində məğlub olduğuna və 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli oldu. 

Ətraflı: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

1920-ci il aprelin 28-də Bakıda Azərbaycanda sovet haki­miy­yəti qurulmasının elan edilməsi ilə onun tarixində yeni, lakin fərq­li bir dövr başladı. Azərbaycanın dövlətçilik tarixi üçün milli zə­minə malik olmayan, əvvəlki dövlətlər ilə heç bir varislik əla­qəsinə əsaslanmayan dövlət yaradılmağa başlandı. Onun əsas fə­aliy­yət istiqamətlərindən biri də yeni hökumətin Azərbay­ca­nı­nın bölgələrinə yayılmasına nail olmaqdan ibarət idi. Naxçı­van bu siyasətdə mühüm yer tuturdu.

AK(b)P MK Siyasi Bürosu 1920-ci il iyulun 28-də Naxçı­vandakı vəziyyəti müzakirə edərək, Azərbaycan İnqilab Komi­təsinə tapşırdı ki, Naxçıvan məsələsini prinsipial şəkildə aydın­laş­dırsın, Ermənistan ilə Azərbaycan arasında sərhədləri müəy­yən­ləşdirsin və Naxçıvan diyarında sovet hakimiyyətinin qurul­masına kömək göstərsin. Elə həmin gün axşamüstü XI Qırmızı Ordunun hərbi hissələri Naxçıvan şə­hərinə daxil oldu. 1920-ci il iyulun 28-də Naxçıvanda da sovet ha­ki­miyyətinin qurulması rəs­mən elan edildi. Naxçıvan Sosialist So­vet Respubli­kası­nın elan edilməsi ilə eyni zamanda, res­pub­likanın ali hakimiyyət or­qa­nı - Naxçıvan İnqilab Komitəsi yaradıldı. Nax­çıvanın ayrıca so­vet sosialist respublikası elan edilməsinə bax­mayaraq, o özü­nü Azərbaycanın tərkib hissəsi hesab edirdi. Av­qustun 10-da Naxçı­van İnqilab Komitəsinin Azərbaycan SSR XKS-in sədri N.Nəri­ma­nova göndərdiyi məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azər­bay­­can Sovet Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi he­sab etmişdir”.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasında həlledici rola ma­lik olan Sovet Rusiyası yenə ikili siyasət yeridir, erməni daşnak qüv­­vələri ilə eyni zamanda həm müharibə, həm də danışıqlar apa­rı­lırdı. Sovet Rusiyasının təşəbbüsü ilə 1920-ci il av­qustun 10-da daş­nak Ermənistanı ilə barışıq sazişi imzalan­dı. Sazişə görə tərəflər hər­bi əməliyyatları dayandır­malı, ermə­ni qoşunları Şahtaxtı-Xok-Çal­xanqala-Sultanlı, daha sonra Kükü­dən şimala və Bazarçaydan qərbə uza­nan demarkasi­ya xəttində da­yanmalı, sovet qoşunları isə Qarabağ, Zəngəzur və Naxçıvanı tutmalı idilər. Gümrü-Şahtaxtı-Cul­fa dəmir­yo­lun­dan ermənilər qey­ri-hərbi məqsədlər üçün istifadə edə bilərdilər. Beləliklə, Azər­baycanın iştirakı olmadan onun tor­paq­larının məsələsi mü­za­kirə olunur, Ermənistanla danışıqlarda Sovet Rusiyası onun adın­­dan çıxış edirdi. Bu danışıqlarda Azər­baycanın mübahisəsiz tor­­paq­larının Ermənistana verilməsi məsələsi mü­zakirə olunurdu. Bunu bilən Nəriman Nərimanov Leninə gön­dərdiyi mək­tubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gür­cüstanın və Ermənistanın müs­tə­qilliyini, Azərbaycanın istiqla­liy­yə­ti­ni tanı­mış, lakin eyni zamanda, hə­min mərkəz Azər­baycanın ta­ma­milə mü­bahisəsiz ərazilərini Er­mə­nistana verir...”.

Ətraflı: Naxçıvanın muxtariyyətləşdirilməsi