Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir.
1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və şərəfli inkişaf yolu keçmişdir.
XX əsrin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan diyarı üçün çətin inkişaf dövrü olmuşdu. Çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlilik yaranmış, bir sıra kapitalist dövlətləri mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhdlər etmişlər.
Milli burjuaziyanın və demokratik ziyalıların təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılmışdı. Bu şura yalnız Naxçıvanda deyil, eləcə də Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları ermənilərin silahlı quldur basqınlarından qoruyurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanı müstəqil dövlət elan etməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratmışdı. Naxçıvan diyarının qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən müəyyən işlər görülmüş, erməni daşnaklarının torpaq iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində cəhdləri dəf olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və çətin vəziyyətə düşən Naxçıvan diyarının Azərbaycanın tarixi torpaqları olduğunu elan etməyə imkan tapa bilməmişdi. Bundan istifadə edən Ermənistan Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətini daha da genişləndirdi. Erməni silahlı quldur dəstələri bölgədə dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdı.
Ermənistanın Naxçıvan diyarına olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını almaq üçün əhaliyə kömək göstərdi. İyulun 17-də Naxçıvan Müsəlman Milli Şurası Bələdiyyə idarəsi ilə əvəz edildi. Türkiyənin Naxçıvana gəlmiş XI Qafqaz Ordusu yerli özünümüdafiə qüvvələri ilə erməni daşnaklarına sarsıdıcı zərbə vurdu. Birinci Dünya müharibəsində məğlub olduğuna və 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli oldu.
1920-ci il aprelin 28-də Bakıda Azərbaycanda sovet hakimiyyəti qurulmasının elan edilməsi ilə onun tarixində yeni, lakin fərqli bir dövr başladı. Azərbaycanın dövlətçilik tarixi üçün milli zəminə malik olmayan, əvvəlki dövlətlər ilə heç bir varislik əlaqəsinə əsaslanmayan dövlət yaradılmağa başlandı. Onun əsas fəaliyyət istiqamətlərindən biri də yeni hökumətin Azərbaycanının bölgələrinə yayılmasına nail olmaqdan ibarət idi. Naxçıvan bu siyasətdə mühüm yer tuturdu.
AK(b)P MK Siyasi Bürosu 1920-ci il iyulun 28-də Naxçıvandakı vəziyyəti müzakirə edərək, Azərbaycan İnqilab Komitəsinə tapşırdı ki, Naxçıvan məsələsini prinsipial şəkildə aydınlaşdırsın, Ermənistan ilə Azərbaycan arasında sərhədləri müəyyənləşdirsin və Naxçıvan diyarında sovet hakimiyyətinin qurulmasına kömək göstərsin. Elə həmin gün axşamüstü XI Qırmızı Ordunun hərbi hissələri Naxçıvan şəhərinə daxil oldu. 1920-ci il iyulun 28-də Naxçıvanda da sovet hakimiyyətinin qurulması rəsmən elan edildi. Naxçıvan Sosialist Sovet Respublikasının elan edilməsi ilə eyni zamanda, respublikanın ali hakimiyyət orqanı - Naxçıvan İnqilab Komitəsi yaradıldı. Naxçıvanın ayrıca sovet sosialist respublikası elan edilməsinə baxmayaraq, o özünü Azərbaycanın tərkib hissəsi hesab edirdi. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin Azərbaycan SSR XKS-in sədri N.Nərimanova göndərdiyi məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi hesab etmişdir”.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasında həlledici rola malik olan Sovet Rusiyası yenə ikili siyasət yeridir, erməni daşnak qüvvələri ilə eyni zamanda həm müharibə, həm də danışıqlar aparılırdı. Sovet Rusiyasının təşəbbüsü ilə 1920-ci il avqustun 10-da daşnak Ermənistanı ilə barışıq sazişi imzalandı. Sazişə görə tərəflər hərbi əməliyyatları dayandırmalı, erməni qoşunları Şahtaxtı-Xok-Çalxanqala-Sultanlı, daha sonra Küküdən şimala və Bazarçaydan qərbə uzanan demarkasiya xəttində dayanmalı, sovet qoşunları isə Qarabağ, Zəngəzur və Naxçıvanı tutmalı idilər. Gümrü-Şahtaxtı-Culfa dəmiryolundan ermənilər qeyri-hərbi məqsədlər üçün istifadə edə bilərdilər. Beləliklə, Azərbaycanın iştirakı olmadan onun torpaqlarının məsələsi müzakirə olunur, Ermənistanla danışıqlarda Sovet Rusiyası onun adından çıxış edirdi. Bu danışıqlarda Azərbaycanın mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi müzakirə olunurdu. Bunu bilən Nəriman Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda, həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”.